"Barselona"nın yeni Palau Blaugrana arenasının inşası üçün klubun öz büdcəsindən vəsait ayrılmayacaq. Layihənin maliyyələşdirilməsi üçün müxtəlif investisiya şirkətləri ilə danışıqlar aparılır və arenanın 2031-ci ilə qədər hazır olacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, bu barədə klub prezidenti Joan Laporta və maliyyə üzrə vitse-prezident Ferran Olivé İllik Ümumi Yığıncaqda məlumat veriblər. Onların sözlərinə görə, yeni arena "Barselona"nın maliyyə öhdəliklərinə təsir etməyəcək və Espai Barça layihəsinin maliyyələşdirilməsinə daxil edilməyəcək. Əvvəlcə 12 min nəfərlik tutum nəzərdə tutulsa da, Final Four kimi böyük turnirlərə ev sahibliyi etmək üçün bu rəqəm 15 minə qaldırılıb. Laporta bildirib ki, "Yeni Palau Blaugrana 300 milyon avroluq büdcəyə daxil deyil. Biz alternativ həll yolları axtarırıq və bu layihə klub üçün əlavə borc yaratmayacaq."