Dario Şariç on il əvvəl ayrıldığı "Anadolu Efes"ə geri dönüb. Xorvatiyalı forvard klubun EuroLeague mövsümü öncəsi media günündə çıxış edərək, karyerasında çatışmayan yeganə uğurun Avropanın ən nüfuzlu kubokunu qazanmaq olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı basketbolçu çoxillik müqavilə imzaladıqdan sonra 522 NBA oyunu təcrübəsini və ön xəttdəki bacarığını "Anadolu Efes"ə gətirib. Şariç bildirib ki, İstanbul klubunda ab-hava dəyişib və artıq komanda qalibiyyət ruhuna sahibdir: "Əvvəllər də burada idim, amma indi hər şey fərqlidir. 'Efes' artıq EuroLeague-də qalib gəlməyi bacarıb və bu, komandaya başqa bir inam qatıb. Artıq təkcə pley-offa düşmək kifayət etmir, çünki klubun tarixi uğurlarla zənginləşib."

NBA-dakı uzun illərdən sonra tanış mühitə qayıtmağın onun üçün ən doğru seçim olduğunu deyən Şariç əlavə edib: "On il NBA-da oynadıqdan sonra tanıdığım, güvəndiyim insanlarla bir yerdə olmaq istədim. Ən yaxşı basketbolumu burada göstərəcəyimə inanıram."

Şariç ötən mövsüm "Detroit Pistons"dan ayrıldıqdan sonra "Anadolu Efes"ə qayıtmaq istədiyini, lakin razılıq əldə olunmadığı üçün yay transfer pəncərəsini gözlədiyini vurğulayıb. O, karyerası ərzində "Filadelfiya 76ers", "Minnesota Timberwolves", "Phoenix Suns", "Oklahoma Siti Thunder", "Qolden Steyt Uorriors", "Denver Nuggets" və "Sakramento Kings" kimi klublarda çıxış edib.