"Qolden Steyt Uorriors"un baş məşqçisi Stiv Kerr yeni mövsümdə Draymond Qrinin açıq mövqedən daha çox üçlük atışları etməsini istədiyini bildirib. Kerr qeyd edib ki, Qrin elit səviyyəli snayper olmasa da, bu cür cəhdlər komandanın hücumuna əlavə fayda verə bilər.

Offsideplus.az xəbər verir ki, Draymond Qrin məşqçisinin bu istəklərini böyük həvəslə qarşılayıb. "Oyun mənə 'at' deyəndə atmaq, 'ötür' deyəndə ötürmək, bir istiqamətə köklənməmək və robotlaşmamaq – bu məni çox sevindirir. Sonuncu dəfə ritmdə üçlük atışlarını 2016/2017 mövsümündə etmişdim. O vaxt özümə 'sadəcə bu topu atacağam' deyə bilirdim və tərəddüd etmirdim. İndi bu hissi yenidən yaşamağı səbirsizliklə gözləyirəm. Düzdür, düşüncəsiz şəkildə üçlük atmayacağam, amma açıq qaldığım anlarda daha çox cəhd edəcəyəm. Məşqçidən belə sözlər eşitmək xoşdur, çünki bu, mənim adətən eşitdiklərimdən fərqlidir və motivasiya verir", – deyə Qrin vurğulayıb.

Qeyd edək ki, 2016/17 mövsümündə Draymond Qrin orta hesabla 3,5 üçlük atışı etmiş və onların 30,8 faizini dəqiq yerinə yetirmişdi. Ötən mövsümdə isə bu göstərici 4,6 cəhd və 32,6 faiz olub.