PSJ-nin cinah oyunçusu Xviça Kvaratsxeliya Qızıl Topu qazanmaq imkanları barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, gürcü futbolçu bu mükafata iddialı olmağın onun üçün böyük qürur olduğunu bildirib: "Əksər rəqiblərim dünya çempionatında iştirak edib. Məncə, bu, məndən asılı deyil, qərar verən insanlardan asılıdır. Lakin belə oyunçular arasında olmaq çox xoşdur. Həm həyatda, həm də futbolda hər şeyə inanıram. Buna görə də indi 'PSJ'dəyəm və bununla fəxr edirəm".

Kvaratsxeliya Qızıl Topu dünya çempionatında oynamadan qazanan futbolçular barədə məlumatsız olduğunu deyib: "Bilmirəm, neçə dəfə belə hal olub. Mənə dedilər ki, cəmi bir dəfə baş verib – 1978-ci ildə Kevin Kiqan. Deməli, bu, mümkündür".

Onun sözlərinə görə, Mişel Platini və Toni Kroos kimi futbol əfsanələrinin onu favorit hesab etməsi böyük dəyərdir: "Belə oyunçuların, əfsanələrin bu cür sözlər deməsi çox xoşdur. Mən bunu haqq etdiyimi düşünürəm. Əgər dünyada ən azı bir nəfər sənin bu mükafata layiq olduğunu düşünürsə, bu artıq böyük hissdir. Bu, işimi düzgün gördüyümə işarədir və eyni səviyyədə oynamağa davam etmək istəyirəm. Görək, həyat mənə nə gətirəcək. Hər şeyə hazıram".