"Bayern Münhen"in qapıçısı Manuel Noyer komandasının yeni Çempionlar Liqası mövsümündə perspektivləri barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki,o, favoritlər arasında əvvəlki illərin finalçılarını gördüyünü bildirib: "Eyni komandalar favoritdir – son illərin finalçıları. Barselona-nın da güclü heyəti var. Pley-off mərhələsinə yaxın favoritlər daha aydın görünəcək. Hər komandanın enişi və yüksəlişi olur, amma favoritlər arasında yenə də tanış adlar olacaq".
"Bayern Münhen"in turnirdə uğur qazanması üçün nə çatışmadığına toxunan Noyer deyib: "Hər şey xırdalıqlarda gizlidir. Biz uğura yaxın idik, xüsusilə ötən mövsüm "Real Madrid" və PSJ ilə oyunlarda. Potensialımız var, təcrübəmiz də kömək edir. Yenidən həmin mərhələyə çatmaq üçün böyük istək duyuruq. Əsas məqsədimiz Çempionlar Liqasını qazanmaqdır. Acı məğlubiyyətlər yaşadıq, amma bu, bizə əlavə motivasiya verir. Çünki gələn yay Madrid-də keçiriləcək finalda oynamaq istəyirik".
Mövsümün onun üçün sonuncu ola biləcəyi və əsas məqsədinin Madrid finalı olub-olmaması barədə isə Noyer belə danışıb: "Mövsümə hər şeyi qazanmaq niyyəti ilə başlayıram. Düşünürəm ki, komandamız buna qadirdir. Məhz buna görə karyeramı davam etdirməyə qərar verdim. Bilirəm ki, bu komanda, məşqçilər heyəti və əzmkarlığımızla hər şey mümkündür. Çempionlar Liqasını üçüncü dəfə qazanmaq mənim üçün çox şey ifadə edərdi. Güclü rəqiblərlə qarşılaşacağımızı anlayırıq, sadəcə yaxşı hazırlaşmalı və starta köklənməliyik".
Qeyd edək ki, "Bayern Münhen" sabah Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda "Budyo-Qlimt"i qəbul edəcək.


