"Kəpəz"in yarımmüdafiəçisi Rəhman Hacıyev klubun Media və Marketinq Departamentinə müsahibə verib. 33 yaşlı təcrübəli futbolçu çempionatın startı, Gəncə təmsilçisindəki durumu və Misli Premyer Liqasının növbəti turunda "Qəbələ"yə qarşı keçiriləcək matç barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi ilk növbədə azarkeş dəstəyini xüsusi vurğulayıb: "Sonuncu dəfə stadionda belə möhtəşəm ab-havanı "Neftçi"də oynadığım vaxt derbilərdə görmüşdüm. Doğma meydandakı ilk matçda qələbə qazandıq. Lakin qələbələrin ardıcıl olması üçün zamana ehtiyac var. Komanda yenidən qurulub, baş məşqçimizin özünəməxsus üslubuna uyğunlaşmaq vaxt aparır".

Zədə səbəbindən debütünün ləngidiyini bildirən Rəhman, ötən tur "Şamaxı"ya 1:4 hesabı ilə uduzduqları matçdan da söz açıb: "Oyunumuz alınmadı, öz səhvlərimizdən qollar buraxdıq. "Şamaxı"ya belə məğlub olmağı qəbul edə bilmirik. Oyunlara daha ciddi hazırlaşmalı, xarakter göstərməliyik".

Təcrübəli oyunçu ötən mövsüm futbolla vidalaşmaq ərəfəsində olduğunu da etiraf edib: "Açığı, ötən il karyeramı başa vurmaq istəyirdim, ancaq dostlarım imkan vermədilər. Futbolu çox sevirəm, amma bəzən insanı bundan diksindirirlər. Həmin ərəfədə "Kəpəz"dən dəvət aldım və mənə böyük dəstək oldular. Bu klubun şərəfini qorumaq mənim üçün çox xoşdur".

Sentyabrın 12-də "Qəbələ" ilə keçiriləcək görüşə toxunan Hacıyev yalnız qələbə üçün meydana çıxacaqlarını bildirib: "Azarkeşlərin stadionu məyus tərk etməsi bizə pis təsir edir. Ulularımızın önünə başıdik çıxmaq istəyirik. "Qəbələ" ilə matçda buraxdığımız səhvləri təkrarlamayacaq və 3 xal üçün mübarizə aparacağıq".