"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik UEFA Çempionlar Liqasında "Sabah"a karşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq rəqibin oyun üslubunu yüksək qiymətləndirib: "Onlar çox yaxşı məşqçisi olan komandadır. Çoxlu matçlarda qələbə qazanıblar və meydanda özlərinə inamla oynayırlar. Komanda olaraq presinq etməyi bacarırlar, ona görə də necə bir rəqiblə qarşılaşacağımızın fərqindəyik".

Mütəxəssis Çempionlar Liqasındakı son nəticələri və gözləntiləri də dəyərləndirib: "Son illərdəki nəticələrimizi nəzərə alaraq təvazökar olmalıyıq. Bu, uğur qazanmaq istəyimizi və gözləntilərimizi azaltmır, lakin reallıqla barışmalıyıq. Əsas olan qarşıda bizi nəyin gözlədiyidir. Hazırda bu mərhələyə tam hazır olan komandamız var, öyrənməyə və inkişaf etməyə davam etməliyik".

Sıx oyun qrafikinə toxunan Kerrik bunu problem etmədiklərini bildirib: "Yaranmış vəziyyətdən narahat deyiləm. Mükəmməl cədvəl olmasa da, dəyişdirə biləcəyimiz bir şey yoxdur. Mövcud şəraitə uyğunlaşmalıyıq".

"Mançester Yunayted"in baş məşqçisi Çempionlar Liqasının əhəmiyyətini xüsusi vurğulayıb: "Bu, möhtəşəm bir turnirdir və biz məhz burada olmaq istəyirik. İllərdir bu turnirdə unudulmaz gecələrin şahidi olmuşuq. Ən yaxşılarla mübarizə aparmaq üçün bundan yaxşı yarış yoxdur. Burada olduğumuz üçün şadıq, lakin bura sadəcə zövq almağa yox, işimizi görməyə gəlmişik".

Kerrik heyətdəki rotasiya ehtimallarına da aydınlıq gətirib: "Geniş heyətə malik olmağımızın səbəbi də budur. Fərqli oyun üslublarına və rəqibin güclü tərəflərinə uyğunlaşmalıyıq. Qısa aralıqla oyunlara çıxırıq, bu səbəbdən komandanı düzgün idarə etməli və futbolçulara güvənməliyik. Hazır olan hər kəs şans qazanacaq".