Yunanıstanın aparıcı basketbol klublarından olan "Olimpiakos" ev oyunlarını müvəqqəti olaraq "AEK"in "Sunel Arena"sında keçirəcək. Bu qərar klubun ənənəvi meydançası olan Sülh və Dostluq Stadionunda genişmiqyaslı təmir işlərinin aparılması ilə əlaqədardır.
Offsideplus.az xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, "Olimpiakos" həm EuroLeague, həm də Yunanıstan çempionatındakı ev qarşılaşmalarını Afinanın şimalında yerləşən "Sunel Arena"da oynayacaq. Klubun idman direktoru Xristos Bafes bildirib ki, əsas məqsəd təmir işlərinin keyfiyyətli və tam şəkildə başa çatdırılmasıdır. "Olimpiakos"un əsas meydançasına 2027-ci ilin əvvəlində qayıdacağı gözlənilir. Müqavilə çərçivəsində "AEK" üçün də bu icarə ciddi maliyyə gəliri deməkdir – icarə haqqı 1 milyon avronu ötür və bu vəsait klubun gündəlik xərcləri və yeni transferləri üçün istifadə olunacaq. İki klub arasında arenadan istifadə qaydaları və digər texniki məsələlər də razılaşdırılıb.


