"Real Madrid"in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının sabahkı "İnter"lə oyunu öncəsi gözləntilərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Mourinyo mətbuat konfransında bunları deyib: "Qələbə qazanmaq istəyirəm. Deyə bilərdim ki, yaxşı oyun göstərmək istəyirəm, amma "Betis"lə qarşılaşmada olduğu kimi yaxşı oynayıb uduzmaq istəmirəm. Qələbə istəyirəm. Qarşıda növbəti mərhələyə vəsiqə üçün səkkiz oyun var. Düşünürəm ki, bu məqsədə nail olacağıq. Amma bu oyuna ayrıca, digər yeddi qarşılaşmanı düşünmədən yanaşıram. Qələbə qazanmaq istəyirəm".
"İlk məğlubiyyətdən sonra komandada hansı dəyişiklikləri gördünüz?" sualına Mourinyo belə cavab verib: "Onları istədiyim kimi gördüm. Oyun sonrası paltardəyişmə otağında ruhdan düşmüşdülər, bazar günü məşqində xeyli toparlandılar və bu gün tam normal vəziyyətdədirlər. Oyunumuzu təhlil etdikdən sonra daha da əmin olduq ki, yaxşı çıxış etmişik. Komanda kimi oynadıq, sadəcə anomaliya baş verdi. Yaxşı oynayırıq. Sabahkı oyundan əvvəl yarımmüdafiədə bəzi problemlərimiz var, amma meydana çıxıb mübarizə aparacağıq".


