"Sabah" Basketbol Klubunun baş məşqçisi Lazar Spasiç komandanın yeni mövsümə hazırlıq prosesini dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə müsahibə verib:

— Komandanın mövsüm öncəsi hazırlıq dönəmində indiyə qədərki inkişafını necə qiymətləndirirsiniz?

— Bildiyiniz kimi, biz Litvaya kifayət qədər öncədən gəlmişik. Biz yaxşı təlim-məşq toplanışı keçmək üçün güclü rəqiblər seçmişdik. Hansı ki, bizim kimi avrokuboklarda mübarizə aparacaq. Məqsədimiz yaxşı təlim-məşq toplanışı keçmək idi və düşünürəm ki, bu baxımdan hər şey istədiyimiz kimi gedir. Biz FIBA Çempionlar Liqasında çıxış edəcəyik və bu baxımdan hər bir oyun səhvlərimizdən nəticə çıxarmaq və daha yaxşı komanda olmaq üçün dərsdir. Hər gün, hər oyundan sonra özümüzü daha da inkişaf etdirmək istəyirik. Ümid edirəm ki, əvvəlcə ölkə çempionatında ilk oyunumuza, daha sonra isə ÇL-dəki ilk matçımıza hazır olacağıq. Hələ kifayət qədər vaxtımız var. Ümid edirəm ki, doğru istiqamətdə inkişaf edəcəyik və ilk oyuna tam hazır olacağıq.

— Artıq bu mövsüm “Sabah”ın oynamağını istədiyiniz basketbol üslubunu komandada görürsünüzmü?

— Bəli, hazırda öz oyun üslubumuzu formalaşdırırıq. Əvvəldə də dediyim kimi, istəyirik ki, komandamızın özünəməxsus və tanınan oyun üslubu olsun. Təbii ki, enişlərimiz və yüksəlişlərimiz olur. Bu normaldır, çünki komanda demək olar ki, tamamilə yenidir. Sistem yenidir, mən və köməkçilərim yeniyik, ümumilikdə heyət və məşqçi korpusu yenidir. Buna görə də bir-birimizə uyğunlaşmaq üçün zamana ehtiyacımız var. Amma inanıram ki, hamımız eyni istiqamətdə hərəkət etsək — və düşünürəm ki, hazırda hamımız eyni düşüncədəyik - hazır olacağıq.

-  Qarşıdan gələn Çempionlar Liqası komandanın hazırlığını planlaşdırarkən nə dərəcədə vacibdir?

— Bu, bizim üçün çox vacibdir. Qrupumuz asan deyil. Düşünürəm ki, ümumiyyətlə bu turnirdə asan qrup yoxdur. Həm fiziki hazırlıq, həm də taktiki baxımdan maksimum yaxşı vəziyyətdə olmalıyıq. Amma dediyim kimi, mən bir ay sonra nə baş verəcəyinə fokuslanan insan deyiləm. Biz hər gün inkişaf etməliyik. Mən bunu daim deyirəm, bəzən bu mövzuda danışmaqla insanları bezdirə bilərəm, amma bu mənim işimdir. Günbəgün irəliləməli və ÇL-ə hazır olmalıyıq. Çempionlar Liqası bizim üçün çox vacib turnirdir və ümid edirəm, eyni zamanda inanıram ki, orada bütün potensialımızı göstərə biləcəyik.