İngiltərə millisinin və "Bavariya Münhen"in hücumçusu Harri Keyn bu il "Qızıl top" mükafatına namizəd olması ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Keyn bildirib ki, mövsüm ərzində göstərdiyi çıxışdan böyük qürur hissi keçirir və belə bir mükafata iddialı olmaqdan məmnundur. O qeyd edib ki, Maykl Ouen kimi futbolçudan dəstək sözləri eşitmək onu xüsusi sevindirib: "Mən Mayklın oyunlarını izləyərək böyümüşəm və İngiltərə millisinin böyük azarkeşi olmuşam. Onun mənim haqqımda belə danışması qürurvericidir. Bir vaxtlar mən də peşəkar futbolçu olmağı arzulayan bir azarkeş idim, indi isə mükafatlar qazanıram və 'Qızıl top' da onlardan biridir. Artıq hər şey səs verənlərdən asılıdır. Bu mövsüm indiyədək ən yaxşı mövsümüm olub və görək, nə baş verəcək. Hazırda diqqətimi həm bu, həm də növbəti mövsümə yönəltmişəm. Özümü daha da inkişaf etdirə bilərəmmi? Amma eyni zamanda, indiyə qədər etdiklərimi də dəyərləndirmək istəyirəm. Futbolda çoxlu fərqli fikirlər və müzakirələr var, insanlar müxtəlif oyunçuları fərqli səbəblərlə sevirlər. Düşünürəm ki, məhz bu debatlar futbolu xüsusi edir. Mən 'Qızıl top'a namizəd olduğum üçün sevinirəm və görək, nəticə necə olacaq".


