"Bayern Münhen"in yeni transferi İsmail Saybari klubun rəsmi təqdimatında öz karyerası və şəxsi həyatı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Mərakeş millisinin yarımmüdafiəçisi PSV-dən 55 milyon avro qarşılığında transfer olunub. 25 yaşlı futbolçu 2031-ci ilə qədər müqavilə imzalayıb.

Saybari "Bayern Münhen"ə keçidinin səbəblərini belə izah edib:

"Bura dünyanın ən böyük klublarından biridir. Onların oyun üslubu mənə tam uyğundur. Burada inkişaf etmək üçün lazım olan inamı mənə verdilər".

Uşaqlıqda yaşadığı sağlamlıq problemlərindən danışan futbolçu bildirib: "Doğulanda ayaqlarımla bağlı problemlərim var idi. Valideynlərim mənim normal yeriyə bilməyim üçün çox fədakarlıq etdilər. Buna nail oldum və buna görə çox minnətdaram. Eyni zamanda, inanan bir insanam və hesab edirəm ki, bu, Allahın mənim üçün seçdiyi yoldur".

Klubun oyun üslubuna toxunan Saybari qeyd edib: "Vensan Kompani baş məşqçi gələndən sonra komanda çox intensiv futbol oynayır. Bunu ötən mövsüm özüm də gördüm. Bu üslub mənə xoş gəlir və yeni çağırışları səbirsizliklə gözləyirəm".

Dil biliklərindən danışan futbolçu əlavə edib: "Beş dildə – ingilis, fransız, ispan, ərəb və holland dillərində danışıram. Ümid edirəm ki, tezliklə alman dilini də öyrənəcəyəm. Mən dilləri və müxtəlif mədəniyyətləri sevirəm".