"Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"sunu iki oyunun nəticəsinə görə üstələyərək adını pley-off mərhələsinə yazdırdı.

"Kəhər atlar" Ukraynadakı ilk görüşdə minimal hesabla məğlub olsalar da, Bakıdakı cavab qarşılaşmasında rəqibinə heç bir aman vermədilər. İlk dəqiqələrdən oyuna diqtə edən və yüksək pressinqlə rəqibi səhvlərə məcbur edən təmsilçimiz mərhələni adlamağa layiq olan tərəf olduğunu tam mənada sübut etdi. Ən sevindirici məqam isə yayda heyətə qatılan yeni transferlərin gün keçdikcə komandaya daha yaxşı adaptasiya olunması və oyun sisteminə uyğunlaşmasıdır.

Ötən günün şübhəsiz ki, ən parlaq simalarından biri Jali Muaddib idi. Fransalı futbolçunun xüsusilə ilk hissədə nümayiş etdirdiyi cəsarətli oyun, cinah reydləri və vurduğu baxımlı qol alqışa layiq idi. Müdafiə xəttində isə gənc Bense Varkonyinin soyuqqanlılığı və ikili mübarizələrdəki inamlı çıxışı diqqətdən qaçmadı.

İndi isə Qurban Qurbanovun komandası qarşısında daha ciddi və prinsipial bir sınaq durur: Niderlandın "Tvente" klubu. Futbolsevərlərin yaxşı xatırladığı kimi, "Qarabağ" vaxtilə məhz bu komandanı mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. İllər sonra tale bu iki kollektivi yenidən pley-offda üz-üzə qoyur. Məğlub olan tərəf avrokubok mövsümünü vaxtından əvvəl başa vuracaq.

Biz "Qarabağ"ın illərlə formalaşan zəngin beynəlxalq təcrübəsinə və Qurban Qurbanovun taktiki zəkasına inanırıq. Ağdam təmsilçisi ardıcıl 13-cü dəfə avrokubokların əsas mərhələsinə yüksəlməklə növbəti tarixi uğura imza atmağın astanasındadır...