3x3 basketbol üzrə milli komandamız və "Neftçi SOCAR" klubunun baş məşqçisi Ratomir Deliçin bu mövsümkü nəticələri və qarşıdan gələn turniri dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, o, bunları söyləyib:

"Milli komandamız bu mövsüm kifayət qədər uğurlu çıxış edib. Dünya Kubokunda zədələrə görə turniri tam heyətlə başa vura bilməsək də, 3 basketbolçu ilə belə yarımfinalda əzmkarlıq göstərdik. Avropa Kubokunun təsnifatı da bizim üçün unudulmaz oldu və vacib qələbələr qazandıq. Bütün zədə problemlərinə rəğmən, qızların çətinliklərə sinə gərməsi qürurvericidir. Önümüzdə vacib yarışlar var, meydana maksimum diqqətlə çıxsaq, komandamla fəxr edəcəyəm.

"Neftçi"yə gəlincə, bu mövsüm ciddi zədələrlə qarşılaşsaq da, sınaqdan üzüağ çıxdıq. Yeni transferlərin kollektivə bu qədər tez adaptasiya olunması həqiqətən sevindiricidir. Əsas hədəfimiz Dünya Qadın Seriyasının final mərhələsinə vəsiqə qazanmaqdır. Müntəzəm mövsümü ilk 2 pillədən birində başa vurmaq üçün real şanslarımız var.

Bu həftəsonu Azərbaycandakı yarışda yeni heyətlə çıxış etsək də, tam hazırıq. Ən vacib məqam gələn ayın əvvəlindəki həlledici matçlara addım-addım hazırlaşmaqdır. Milli komanda olaraq Olimpiya təsnifat turnirlərinə vəsiqə uğrunda da yaxşı mövqedəyik. Ümumilikdə, bu mövsüm ortaya qoyduğumuz işdən tam razıyam".

Qeyd edək ki, Azərbaycan millisi və "Neftçi SOCAR" avqustun 15-16-da Dünya Qadın Seriyasının "Sea Breeze"də keçiriləcək mərhələsində çıxış edəcək.​