“Zirə” sabah Misli Premyer Liqasında ilk oyununa çıxacaq.

“Qartallar”ın qapıçısı Aydın Bayramov yeni mövsümlə bağlı ilk müsahibəsini Offsideplus.az-a verib:

— Tiyaqo Silva komandadan ayrılsa da, yeni qapıçı ilə rəqabət olacaq. Bu məqam səni narahat etmir?

– Xeyr, məni narahat etmir. Rəqabət futbolun bir hissəsidir və mən bunu normal qarşılayıram. Əksinə, komandada keyfiyyətli qapıçıların olması həm mənim, həm də komandanın inkişafına kömək edir. Mən öz üzərimdə çalışmalı və əsas heyətdə oynamağa layiq olduğumu göstərməliyəm. Kim daha yaxşı vəziyyətdədirsə, o da oynamalıdır.

— Ötən mövsüm daha çox ehtiyatda vaxt keçirdin. Mövsümün sonunda başqa klublardan təkliflər almışdın?

– Mənim “Zirə” ilə müqaviləm var idi və burada özümü yaxşı hiss edirəm. Klub mənə güvənir, mən də bu etimadı doğrultmaq istəyirəm. Hazırda bütün diqqətimi “Zirə”yə və yeni mövsümə yönəltmişəm.

— “Zirə” həmişə daha böyük büdcəli klublarla mübarizədən uğurla çıxmağı bacarıb. Bu mövsüm rəqabət daha da yüksək olacaq. “Zirə”nin minimal hədəfi yenə də avrokuboklara vəsiqə qazanmaqdır?

– Əlbəttə, “Zirə”də hər mövsüm hədəflər yüksək olur. Çempionatda rəqabətin daha da artacağını bilirik. Amma bizim üçün əsas məsələ öz oyunumuzu göstərmək, hər matça maksimum köklənmək və mümkün qədər çox xal toplamaqdır. Avrokuboklara vəsiqə qazanmaq bizim əsas hədəflərimizdən biridir. Bununla yanaşı, daha yüksək yerlər uğrunda da mübarizə aparmaq istəyirik.

— Son toplanışa dəvət almasan da, Azərbaycan milli komandasının qapısını qorumağa əsas namizədlərdən birisən. Növbəti toplanışda dəvət gözləyirsən?

– Milli komandada oynamaq hər bir futbolçu üçün böyük şərəfdir. Əlbəttə, dəvət almaq istəyirəm və bunun üçün çalışıram. Amma son qərarı məşqçilər korpusu verir. Mənim işim klubumda yaxşı çıxış etmək, stabil oynamaq və özümü hər oyunda göstərməkdir. Yaxşı performans nümayiş etdirərəmsə, milli komandaya dəvət alacağıma inanıram.

— Öz adına yeni mövsümdən gözləntilərin nədir?

– Əsas istəyim daha çox oynamaq, komandaya fayda vermək və özümü ən yaxşı formada göstərməkdir. Ötən mövsümdən də müəyyən nəticələr çıxarmışam. Yeni mövsümdə daha inamlı, daha stabil və daha çox oyun təcrübəsi olan qapıçı olmaq istəyirəm. Ən əsası isə “Zirə”nin qarşısına qoyduğu hədəflərə çatmasına kömək etməkdir.