Bu gün Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı başlanıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandası yarışa ümumilikdə 24 idmançı ilə qatılıb.
Bu gün sərbəst güləşçilərimizdən 5-i qüvvəsini sınayıb. Onlardan 3-ü yarımfinala vəsiqə qazansa da, heç biri finala çıxa bilməyib. Bundan başqa, digər bir güləşçimiz rəqibi finala çıxdığına görə, təsəlliverici mərhələdə iştirak hüququna yiyələnib. Beləliklə, sabah 4 gümüş medal qazana bilərik.
Sərbəst güləş
57 kq
İslam Bazarqanov ilk görüşünü 1/4 finalda türkiyəli Muhammet Karavusa qarşı keçirib. İdmançımız 8:1 hesablı qələbə sayəsində yarımfinala yüksəlib.
O, finala gedən yolda Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çalışan Naçın Monquşla üz-üzə gəlib. Təəssüf ki, İslam finala yüksələ bilməyib - 0:5.
3-cü yeri tutmaq üçün İvaylo Tisov (Bolqarıstan) – Manvel Xndzrtsyan (Ermənistan) cütünün qalibini üstələmək lazımdır.
65 kq
Əli Rəhimzadə 1/8 finalda Ayub Musayevə (Belçika) qalib gəlib - 7:2.
Həmyerlimiz 1/4 finalda almaniyalı Niko Meqerle ilə güləşib və vaxtından qabaq (10:0) qələbə qazanıb.
Rəhimzadə yarımfinalda Fransa təmsilçisi Hamzat Arsamerzuyevlə gərgin mübarizədən 3:4 hesablı məğlubiyyətlə ayrılıb.
O, bürünc medal uğrunda Stefan Koman (Rumıniya) – Andrey Svirid (Ukrayna) görüşünün qalibi ilə güləşəcək
70 kq
Kənan Heybətov təsnifat mərhələsində avstriyalı Benedikt Huber 10:0 hesabı ilə məğlub edib.
O, 1/4 final mərhələsində Mixail Georgiyevi (Bolqarıstan) də üstələyib - 4:1.
Yarımfinalda isə David Bayevə (UWW) qalib gəlmək müşkülə çevrilib - 0:3.
Kənan üçüncü yer uğrunda ya İsmayıl Musukayev (Macarıstan), ya da Viktor Voynoviç (Serbiya) ilə mübarizə aparacaq
79 kq
Orxan Abasov startda büdrəyib. Həmyerlmiz təsnifat mərhələsində Zelimxan Hadjiyevə (Fransa) uduzub - 5:9.
Bununla belə, onun rəqibi finala çıxdığına görə, həmyerlimiz təsəlliverici mərhələyə qatıla bilər.
97 kq
Abubakr Abakarov çempionata Ukrayna idmançısı Vasil Sova üzərində qələbə ilə başlayıb - 9:5.
Lakin 1/4 finalda Rixard Veqxə (Avstriya) 2:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bürünc medal uğrunda görüşlər və təsəlliverici mərhələ sabah keçiriləcək.