"Danışılmış oyunlarla bağlı məsələlər diqqətdədir".
Offsideplus.az xəbər verir ki, bu sözləri AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev qurumun hesabat konfransı zamanı söyləyib. Qurum rəsmisi bu fikirləri səsləndirib:
"Ötən il "Qarabağ" qızıl dubl etdi, ölkə çempioni oldular və kuboku qazandılar. Tarixində 3-cü dəfə "Zirə" və "Sabah" medalçılar siyahısına qoşuldu. Hər iki klubu təbrik edirik. Premyer Liqadan danışmışkən, əsas problemlərimizdən biri danışılmış oyunlardır. Bu, həm Misli Premyer Liqasına, həm də I Liqaya aiddir. Danışılmış oyunlarla bağlı məsələlər diqqətdədir, nəzarətindədir. Bunlara əl atan şəxslər diqqət etsinlər, AFFA aidiyyəti qurumlarla birgə məsələləri araşdırır. Bu konfrans vasitəsilə bu əməllərdən çəkinməyi dəvət edirik. Bu il AFFA tərəfindən sponsorluq müqavilələrinə imza atıldı. "Azərlotereya" - "Misli", "Silkway", "Bank Respublika", "Carlsberg", "Mario Russo", "Danilo" kimi tanınmış brendlərlə müqavilə imzalandı. AFFA adından hər birinə təşəkkür edirik. 2025-ci il dünya şöhrətli Azərbaycanın keçmiş hakimi Tofiq Bəhramovun 100 illik yubileyi ilə yadda qalacaq. "Azərpoçt" ilə birlikdə xüsusi poçt markaları təqdim edildi.