Azərbaycan Peşəkar Futbol Liqası (PFL) qlobal miqyasda 50-yə yaxın peşəkar liqanı və 1100 klubu birləşdirən Dünya Liqaları Assosiasiyasına (WLA) rəsmi üzv qəbul edilib.

Offsideplus.az xəbər verir ki, bu münasibətlə WLA-in baş katibi Jerom Perlemuter və PFL prezidenti Elxan Səmədov arasında onlayn görüş keçirilib.

Görüş zamanı Jerom Perlemuter PFL-in idarəetmə və uzunmüddətli inkişaf sahəsindəki fəaliyyətini yüksək qiymətləndirərək, bu əməkdaşlığın təcrübə mübadiləsi baxımından önəmini vurğulayıb. Elxan Səmədov isə qlobal şəbəkəyə qoşulmağın Azərbaycan futbolunun həm meydanda, həm də ondan kənarda modernləşməsinə böyük töhfə verəcəyini bildirib.

Qeyd edək ki, "böyük beşlik" liqalarının da daxil olduğu bu beynəlxalq quruma postsovet məkanından indiyə qədər yalnız Ukrayna, Özbəkistan və Latviya qəbul edilmişdi. PFL prezidenti Elxan Səmədov noyabrda Praqada keçiriləcək WLA-in Baş Assambleyasına dəvət alıb.