"Qarabağ" Futbol Klubunun prezidenti Tahir Gözel və İdarə Heyətinin üzvləri komandanın məşqçi və futbolçu heyəti ilə mövsümün yekunlarına həsr olunmuş görüş keçiriblər.
Offsideplus.az xəbər verir ki, tədbirdə klubun UEFA Çempionlar Liqasının pley-offuna qədər irəlilədiyi tarixi mövsümün yekunları müzakirə olunub, yeni hədəflər barədə fikirlər bildirilib.
Komandanın ümumi performansını dəyərləndirən Tahir Gözel bunları qeyd edib:
"Möhtəşəm bir mövsümün şahidi olduq. Komandamız həm Premyer Liqada liderliyini qorudu, həm də Çempionlar Liqasının əsas mərhələsinə yüksələrək Azərbaycan futbol tarixinin ən parlaq səhifələrindən birini yazdı. "Qarabağ" artıq Avropada təsadüfi iştirakçı deyil, real söz sahibidir. Bu uğurda klubun futbol fəlsəfəsinin əsas memarı olan Qurban Qurbanovun rolu xüsusidir.
Biz hər zaman olduğu kimi səs-küylü addımlarla deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük veririk. Akademiyamızın qurulmuş sistemi də artıq bəhrəsini verir. Gənclərimizin UEFA Gənclər Liqasındakı iştirakı akademiyamız üçün vacib mərhələdir. Yeni mövsümün hazırlıqlarına və transfer işlərinə artıq başlamışıq. Bu mövsüm bir sıra azarkeş rekordlarına imza atan azarkeşlərimizə və bütün klub üzvlərinə təşəkkür edirəm".
Baş məşqçi Qurban Qurbanov isə komandanın davamlı uğurlarını futbolçuların cəsarətli oyunu və işgüzarlığı ilə əlaqələndirib:
"Bu komandanın çəkisi çox ağırdır. Buradakı hər kəs bu klubun dəyərini bilməli, cəsarətli və dürüst olmalıdır. Klubumuz etibarlı əllərdədir. Çox yaxşı, sadə və işgüzar rəhbərliyimiz var. Futbolçularıma təşəkkür edirəm və hər zaman onların yanındayam. Qarşıdakı ildə də ən döyüşkən, ən mübariz komanda biz olacağıq".
Tədbirin sonunda futbolçular çıxış edərək mövsümü dəyərləndirib, yeni mövsümdə hədəflərə çatmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.


