AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun XXXIII Hesabat Konfransından sonra mətbuat konfransı keçirib.
- Sizin fəaliyyətinizin 1 ili tamam oldu. Bu dövr ərzində fəaliyyətinizdə razısınızmı?
- Əldə olunan nəticələr böyükdür, daha yaxşısına nail olmaq istəyirik.
- AFFA kadr islahatlarına başlamaq istəyir. Bu, inzibati heyətdə olacaq, yoxsa ümumi Azərbaycan futbolunu əhatə edəcək.
- Kadr islahatı dedikdə, biz futbol ekosistemindən danışırıq. İnkişaf etmək, layiq olduğumuz yerə çatmaq istəyiriksə, böyük transformasiya işləri görməliyik. Bu, kiminsə vəzifəyə gəlməyi, kiminsə getməyi deyil. Futbolu inkişaf etdirmək istəyiriksə, böyük işlər görülməlidir. Hakimlərdən tutmuş həkimlərə qədər, uşaq futbolunda psixoloq, təlimçi, infrastruktura cavabdeh olan şəxslərə, ot örtüyünə baxana qədər mütəxəssislərin hazırlanmasını təmin etməliyik. Strategiyanın əsas söykəndiyi strukturlardan biri insan kapitalının yeni keyfiyyət səviyyəsinə çatdırılmasıdır. Bu hədəflərə çatmaq yolunda yeni həmkarlara qapımız həmişə açıqdır. Bu, təbii prosesdir, kollektivlərə kimsə gəlir, kimsə gedir.
- Uşaq futbolunda saysız-hesabsız problemlər var. Bu problemlərin üçün böyük vəsait tələb olunur. AFFA-nın belə maddi imkanları varmı?
- Uşaq futbolu, həmçinin regionlarda futbolun inkişafı, süni ot örtüyünün təbii ilə dəyişdirilməsi qəbul etdiyimiz çətinliklər arasındadır. Külli miqdarda vəsait lazımdır. Ancaq AFFA hesabına edilməyəcək. Maliyyə dayanıqlılığı təmin edilməlidir. Bunun üçün əsasən özəl investisiya mənbılərinin tapılmasına ehtiyac var. AFFA-nın, dövlətin vəsaiti hesabına bu işləri həyata keçirmək çətin olacaq. Futbol liqalarında gəlirin əsas hissəsi özəl sektorlardan, oyun günlərindən, klubların atributlarının satışından əldə edilə bilər. Eyni zamanda populyarlıq artdıqca teleyayımdan əldə olunan gəlirlər bu vəsaitə daxil olacaq. Yalnız dövlətin və 1-2 sponsorun dəstəyi ilə bu işləri görmək mümkün deyil. Buna görə də ekosistemin davamlı fəaliyyəti vacibdir.
- Premyer Liqaya çıxmağa iddialı namizədlər "İmişli" və "Karvan"ın maliyyə problemi var. Bu klublar da Bakıya sığınsa, necə olacaq?
- Premyer Liqaya yüksələcək klubların infrastruktur problemlərini həll etməsi üçün 1 il müddətinə möhlət verilib. Klublarla danışmışıq, infrastrukturun yüksək səviyyəyə gəlməsi üçün planlar hazırlayırıq. Region klubları öz şəhərlərində futbol oynasınlar, bu, həm yerli azarkeşləri sevindirəcək, həm də uşaq və gənc futbola dəstək olacaq. Əsas məqsədimiz klubların öz bölgələrində qalıb fəaliyyəyinə davam etdirməsidir. Buna nümunə olaraq "Turan Tovuz"la aparılan işləri misal göstərmək olar. Bu yaxınlarda Gəncənin "Kəpəz" klubunda infrastrukturun yaxşılaşdırılması yolunda işlər görüldü. AFFA-ya qoşulmaq istəyən investorlar var. Vəzifəmiz onlar üçün zəruri şəraiti yaratmaq, təmin etməkdir.
- Strategiya tətbiq olunanda eksosistem sözündən çox istifadə olunub. Ekosistem deyəndə nəyi nəzərdə tutursunuz?
- Ekosistem futbolun inkişafına aid olan bütün detalların məcmusudur. Buna futbolu idarə edən AFFA, PFL, hakimlər, oyunçular, azarkeşlər, sponsorlar, media nümayəndələri, bu sahədə çalışan mütəxəssislər ekosistemin tərkib hissəsidir. Biz ölkəmizə "futbol günü" anlayışını gətirməyə çalışacağıq. Azərbaycanda futbol 90 dəqiqəyə şamil olunur. Beynəlxalq təcrübədə isə futbol ən azı yarım gün baş verən prosesdir. Oyuna 1 həftə əvvəldən hazırlıq gedir, media tərəfindən işıqlandırılır, mütəxəssislərin fikirləri səsləndirilir. I Liqadan Premyer Liqaya vəsiqəni qazanacaq klubların təbliğatına geniş yer verməliyik. Futbolçuların həyat hekayələri işıqlandırılmalıdır. "Futbol günü" azarkeşlərin stadionlara ailələri ilə gəlməsinə, oyun başa çatan kimi stadionu dərhal tərk etməməsinə, dostları, yaxınları ilə stadion ərazisində qalıb, futbol müzakirəsi edə bilməsinə şərait yaratmalıyıq. Ekosistemin yaxşı işləməsi üçün sponsorlar cəlb edilməlidir. Məsələn, bu yaxınlarda Premyer Liqa oyunlarının daha keyfiyyətli yayımlanması üçün tədbirlər gördük. Bizim klublar bilet, atribut satışından, teleyayımdan xarici klublarla müqayisədə çox az gəlir götürürlər. Ekosistemi yaxşılaşdırmaq üçün hətta qida rasionuna fikir vermək lazımdır.
- Milli komandanın baş məqşçisi Fernandu Santuşla bağlı uğursuzluqlar fonunda hansı qərarlar verilə bilər?
- Konfransda çıxışım zamanı da yığmanın nəticələrindən narazı olduğumu dedim. Biz dünya və Avropa çempionatlarının final mərhələrinə çıxmaq istəyirik. Hər bir çətin yolda çətin qərarlar olur. Haiti ilə matçda bizdə cəmi 4, Belarusla oyunda 2 milliləşdirilmiş oyunçu var idi. Əvvəllər bu say 7-9 olurdu. Orta yaş həddi isə 24-dən az idi. Rəqabətli cavan komanda qurmaq çətin prosesdir. Santuşla müzakirəmiz oldu. Qısa müddətdə daha ürəkaçan nəticələrin olması haqda müzakirələr apardıq. İyunda yoldaşlıq oyunlarımız var. Biz yalnız nəticələrə yox, onun yığmaya gətirdiyi ab-havaya fikir verməliyik. Təklif edirəm ki, iyunda yoldaşlıq oyunlarından əvvəl mediaya səhərdən axşama qədər komandanın hazırlıq prosesini izləmək imkanı yaradılsın. Məşqçini yalnız oyunun nətiəsinə görə qiymətləndiririk. Amma onun oyuna, məşqə yanaşmasını görsünlər. Onun fəlsəfəsini başa düşmək lazımdır. Mediadan dəstək istəyirik, təkliflərlə çıxış etsinlər. Santuş ilk dəfə millinin heyətini canlı olaraq elan etməyə başladı.
- Klublar hakimlikdən narazıdır. Siz AFFA-nın Hakimlər Komitəsinin sədri Frank De Belekerin fəaliyyətindən razısız?
- Narazılıqlar mövcuddur. Bu sahədə daha çox işlər görməliyik. De Belekerin fəaliyyətinə gəldikdə, ən aparıcı sistemə uyğun olaraq bütün sistemi qururlar, hakimlərlə görüşürlər, təhlillər aparırlar, ən yaxşı eksperltəri cəlb edirlər. Amma yenə də səhvlər var. 2 FIFA referimiz var, 4-ə yüksəltmək istəyirik. İşlər aparırılır. Hakimliyə həvəs, maraq göstərənlər azdır. İstəyərdik ki, hakimlər bütün matçlarda xətasız olsun. Təəssüf ki, mümkün deyil. Nail ola biləcəyimiz nəticə belə xətaların minimuma endirilməsi və qərəzin olmamasıdır. Qərəz yoxdursa, səhvlərin təkrarlanmaması üçün işlər aparılmalıdır.
- Futbolçuların hərbi xidmət məsələsi necə həll oluna bilər? Bu məsələ MOİK və "Dinamo" klublarının vasitəsilə həll oluna bilər. "Dinamo" bununla bağlı AFFA-ya müracitə edib, amma qurum susur... "Dinamo"ya maddi-texniki dəstəyin verilməsi nəzərdə tutulub?
- Azərbaycan Respublikasında səfərbərliklə bağlı qanunlar var. Biz aidiyyatı qurumlarla müzakirələr aparırıq. Ümid edirik ki, burada da müsbət nəticə əldə edərik. Bu, AFFA-nın səlahiyyəti çərçivəsində deyil. Klublar bizə müraciət edir, biz də aidiyyatı qurumlarla əlaqəyə keçiririk.
- "Barselona"nın Bakıda akademiya açmaq istəyi var. AFFA-nın burada rolu var?
- Layihəyə başlamamışdan qabaq "Barseloa"nın prezidenti Bakıya iki dəfə səfər edib. Hər iki tərəfin burada nə etmək lazım olduğunu müzakirə etdik. Hazırda layihənin icrasına başlamaq üçün son detallar klub tərəfindən dəqiqləşdirilir. Əsas hədəf bu klubun akademiyasının təcrübəsini burada reallaşdırmaqdır. Özəl partnoyrların Azərbaycan futboluna töhvə verməsi üçün zəruri şəraitin yaradılmasına hazırıq. Nə qədər yaxşı təkliflər olarsa, qapımız hamısına açıqdır.
- Azərbaycan futbolunda problemlər çoxdur. Bunların fonunda sizcə millinin baş məşqçisinin əcnəbi olmasına ehtiyac var?
- Məşqçi seçimində milliyyətdən daha çox, töhvə verə biləcək təcrübə, bilik nəzərə alınır. U-21 millisinin baş məşqçisi Ayxan ABbasovla müqavilə imzalananda onunla danışdıq və bildik ki, klubdakı və millidəki fəaliyyətini ayırıb, tənzimləyə biləcək. Məhdudiyyət yoxdur ki, məşqçi yerli, ya xarici olmalıdır. Çox istəyərdik ki, azərbaycanlı mütəxəssislər, hakimlər, məşqçilər, idman tibb sahəsindəki peşəkarlarımızı daha çox cəlb edək, onları yetişdirək, futbolumuzun inkişafına töhvə verəcək insanlara şərait yaradaq.
- UEFA ilə münasibətləriniz necədir? Orada nümayəndəmiz yoxdur.. "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov müharibə dövründə yazdığı statusa görə ömürlük cəza aldı. Nurlanın məsələsini bir daha gündəmə gərirmək, UEFA ilə bir daha danışmaq mümkündür?
- Həm UEFA, həm FIFA ilə sıx əməkdaşlıq edirik. Çox gözəl münasibətlər var. Bütün beynəxlalq təşkilatlarda azərbaycanlıların olmasını istərdik. Amma müəyyən prosedurlar var. FIFA-da Elxan Məmmədov çox məsul vəzifədə çalışır. Yerlilərimizin mötəbər təşkilatlarda çalışmasına sevinirik, dəstəkləyirik. Daha çox peşəkar yetişdirməliyik ki, sonra beynəlxalq qurumlarda vəzifələrə keçsinlər. Nurlan İbrahimovla bağlı UEFA-nın standartlarına, qaydalarına uyğun qərar qəbul edilib. "Qarabağ"dakı həmkarlarımızla da danışmışıq. Yenə də qərar sahibi UEFA-dır. Hər bir qurumun öz qaydaları, prinsipləri var. Həmin nizamnamədə tədbirlər nəzərə tutulubsa, bir şəxsə görə dəyişəcəklərini düşünmürəm. Amma yenə də baxarıq.
- Növbəti mövsümdə klublara edilən maliyyə yardımı artırılacaq?
- Vəsait yalnız federasiyadan gəlməməldiir. Çalışmalıyıq ki, futbola daha çox sponsorlar cəlb edək. Yalnız bir sponsor hesabına futbolu inkişaf etdirmək mümkün deyil. Bununla bağlı İcraiyyə Komitəsinin iclası olacaq. Ümumi məbləğin artırılması düşünülmür. Klub sayı artırsa, vəsait azalır. Klublar vəsaiti özləri cəlb etməyə öyrənməlidir.
- Qurban Qurbanov AFFA-nın iclaslarında iştirak etmir. Arada soyuqluq var? Qurban müəllim İcraiyyə Komitəsi ilə bağlı sualları cavablandırmır.
- Hansısa problem yoxdur. O, İK-nin iclaslarına qatılır. Münasibətimiz yaxşıdır. Hansısa soyuqluqdan söhbət gedə bilməz. Özündən də soruşa bilərsiz. İclaslarda iştirak etmədiyi təqdirdə də, hamının öz planı var. Üzrlü səbəblərlə bağlı məlumat verilir.