“Samir Abasova qış fasiləsinə qədər vaxt vermək olardı”.

Bunu Offsideplus.az saytına açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi”nin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Mütəxəssis bildirib ki, “ağ-qaralar”ın yeni məşqçisinin yerli mütəxəssis olması daha yaxşıdır: "Mən yerli məşqçinin tərəfdarıyam. Çünki bizdə kifayət qədər yaxşı mütəxəssislər var. Şahin Diniyev, Mahmud Qurbanov, Tərlan Əhmədov, Arif Əsədov kimi 7-8 belə məşqçi adı çəkə bilərəm. Onlara sadəcə inanmaq lazımdır. Düzdür, yaxşı cavan mütəxəssislərimiz də var.  Ancaq həm klubun adına görə, həm də oyunçular özlərinin sakit aparsın deyə “Neftçi”yə köklü məşqçi lazımdır. Çünki məşqçi amili həddindən artıq önəmlidir. Ən əsası odur ki, rəhbərlik baş məşqçiyə inanmalıdır, o da öz növbəsində göstərilən etimadı doğrultmağa çalışmalıdır. Mən xarici məşqçinin əleyhinə deyiləm. Ancaq gələn mütəxəssis həm oyun sistemində, həm futbola baxışında fərqlənməlidir. Xarici məşqçi ilə yerli məşqçinin maaşında da fərq var. Düzdür, “Neftçi”nin yaxşı maaş verəcək gücü var. Səhv etmirəmsə, komanda 14 transfer edib. Bu az rəqəm deyil. Amma adlı-sanlı oyunçunu gətirməklə iş bitmir, onları komanda şəklində birləşdirmək lazımdır”.

Mircavadov hazırda “Neftçi”də yaxşı oyunçuların olduğunu vurğulayıb: “Amma yaxşı oyunçu yaxşı komanda demək deyil. Oyunçuları birləşdirib ailə düzəltmək lazımdır. Bunun üçün isə vaxt lazımdır, xüsusilə də “Neftçi” kimi bir komandada. “Qarabağ”dan sonra ən yaxşı şərait “Neftçi”dədir. Özü də yeni bazaya köçüblər. Eşitdiyimə görə orada çox yaxşı şərait var. Qalır sadəcə oynamaq”. 

Qeyd edək ki, “Neftçi” 16 xalla turnir cədvəlində yeddinci pillədə qərarlaşıb.