"Siz hər həftə hakimlərin səhv etdiklərini görürsünüz. Bu təbii haldır. Çünki biz kompyuter deyilik və siz "Playstation" oynamırsınız".

Offsideplus.az xəbər verir ki, bu sözləri AFFA-nın XXXIII Hesabat Konfransında çıxışı zamanı qurumun Hakimlər Komitəsinin sədri Frank De Bleker deyib.

Belçikalı mütəxəssis Azərbaycan futbolundakı hakim problemindən danışıb: "Hakimlər fərdi keyfiyyətlərə malikdirlər. Mən özüm də karyeram ərzində səhvlər buraxmışam. Amma həmişə öz üzərimdə çalışmışam. Əks halda, 2 Dünya Kuboku, 1 Avropa çempionatında olmazdım, Çempionlar Liqasının 47 oyununu idarə etməzdim. İnanın ki, səhvlər oxşardır, amma eyni deyil. Hər oyunda hakimlərimizin daha yaxşı idarəçilik etməsinə çalışırıq. Onların səviyyəsinin yüksəlməsi üçün hər gün əzmlə işləyirik. Bizim inkişafa ehtiyacımız var. Ən vacib məqam: bizə yeni gənc və oğlan hakimlər, yeni simalar, səslər lazımdır".

O, çıxışı zamanı 2024-cü ildə qazanılan uğurlara da toxunub. Artıq 2 azərbaycanlının FIFA referisi dərəcəsində 1-ci kateqoriyaya yüksəldiyini deyən Frank De Bleker çimərlik futbolunda da nailiyyətləri nəzərə çatdırıb. O, azərbaycanlı hakimlərin son vaxtlar nüfuzlu turnirlərə təyinat almalarının sevindirici olduğunu vurğulayıb.