"Hesabat dövründə bizi məyus edən məqamlar olub. Əsasən kişilərdən ibarət A milli komandasının nəticələrindən narazı qalmışıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun bu gün keçirilən XXXIII Hesabat Konfransında çıxışı zamanı deyib.
O, əsas milli komandamızın zəif çıxışına görə baş məşqçi Fernandu Santuşla görüşdüklərini bildirib: "Cənab Fernandu Santuşla görüşmüşük. İnanırıq ki, yığmamız Avropa çempionatı-2028-n seçmə mərhələsində məzmunlu oyun göstərib, qənaətbəxş nəticə göstərəcək".
AFFA prezidenti U-21 yığması və qadınlardan ibarət milli komandanın nəticələrinin sevindirici olduğunu söyləyib:"AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, U-21 milli komandamız Ayxan Abbasova tapşırılıb. Yığmamız yeni baş məşqçinin rəhbərliyi altında ilk 2 oyunda 1 qələbə, 1 heç-heçəyə nail oldu. Bu nailiyyət ümidlərimizi, gələcəyə olan inamımızı artırır. Həmçinin qadınlardan ibarət milli komandamız UEFA Millətlər Liqasında uğurla çıxış edir".