"Sabah"ın mətbuat katibi Elnur Həmidov iki gün əvvəl Madriddə UEFA Media və Kontent Kontent Forumunda iştirak edib.

Klub rəsmisi forum haqda təəssüratlarını Offsideplus.az-la bölüşüb:

"İspaniyanın paytaxtı Madriddə keçirilən UEFA Media və Kontent Forumu UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə iştirak edən klubların mətbuat xidmətləri üçün təşkil edilmişdi. Forumun əsas məqsədi liqa mərhələsində media və kontent fəaliyyəti ilə bağlı qaydaları bir daha izah etmək və klubların media nümayəndələrinin suallarını cavablandırmaq idi. UEFA-nın media üzrə mütəxəssisləri iştirakçıları müvafiq qaydalarla tanış etdilər, media və yayım işinin təşkili zamanı yaranan və ya yarana biləcək problemlərin həlli yolları barədə ətraflı məlumat verdilər. Seminarlar zamanı klub nümayəndələrinin müxtəlif mövzular üzrə sualları cavablandırıldı və aydınlaşdırılmasına ehtiyac duyulan məsələlər izah edildi. Forum həmçinin müxtəlif klubların mətbuat xidmətləri və kontent menecerləri arasında fikir mübadiləsi aparmaq, təcrübələri bölüşmək və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından səmərəli keçdi. Xüsusilə bu mövsüm Çempionlar Liqasında qarşılaşacaq klubların nümayəndələri arasında birbaşa ünsiyyətin qurulması vacib idi. Oyunların media işinin təşkilində klubların mətbuat xidmətləri sıx əlaqədə çalışırlar. Bu baxımdan forum həm qarşılıqlı tanışlıq, həm də gələcək koordinasiya üçün faydalı imkan yaratdı. Düşünürəm ki, tədbir iştirak edən hər bir klub üçün dəyərli oldu".