Qadın futbolçulardan ibarət "Neftçi" komandası UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə mübarizəyə uğurla başlayıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan çempionu I təsnifat mərhələsi çərçivəsində Monteneqronun "Buduçnost" klubu ilə qarşılaşıb.
Yunanıstanın Veriya şəhərində baş tutan 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb - 0:0.
Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında daha dəqiq oynayan "Neftçi" 4:3 hesabı ilə qələbə qazanaraq adını finala yazdırıb.
Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektivin II təsnifat mərhələsinə vəsiqə uğrunda həlledici matçdakı rəqibi PAOK (Yunanıstan) – "Hapoel" (Yerusəlim, İsrail) cütünün qalibi olacaq.


