Tari İson "Hyuston Rokets"in "Vaşinqton Vizards" üzərində qazandığı 147:119 hesablı qələbədə mövsümün ən yüksək göstəricisinə imza atıb. O, ehtiyat oyunçular skamyasından meydana daxil olaraq 30 dəqiqə ərzində 25 xal, 7 ribaund və 1 assistlə yadda qalıb. İson 14 atışdan 10-u dəqiq yerinə yetirib, 3 üçlük və 2 cərimə atışını dəqiq icra edib, onun faydalılıq əmsalı isə +18 olub.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra İsona bu qədər məhsuldar çıxış etməsinin səbəbi barədə sual verilib. O isə zarafatla cavab verib: "Ay aman... Bu axı 'Vaşinqton'dur, doğrudan". Qeyd edək ki, bu qarşılaşmaya qədər İson orta hesabla 9,7 xal və 41,2 faiz dəqiqliklə çıxış edirdi. "Hyuston Rokets" ardıcıl dördüncü qələbəsini qazanıb və 11-3 nəticə ilə irəliləyir. "Vaşinqton Vizards" isə yeddinci dəfə ardıcıl məğlub olub və 4-10 göstəricisi var.


