"Abşeron Lions" basketbol klubu adını dəyişib.
Offsideplus.az xəbər verir ki, ötən mövsümü ölkə çempionatının gümüş mükafatçısı kimi başa vuran basketbol komandası yeni mövsümə böyük yeniliklərlə qədəm qoyur.
Klubun inkişaf strategiyası və yeni hədəflərinin tərkib hissəsi olaraq, indiyədək “Abşeron Lions” adı ilə çıxış edən kollektiv fəaliyyətini bundan sonra “Landau Lions” adı altında davam etdirəcək. Bu dəyişikliklə bərabər, klubun yeni loqosu da ictimaiyyətə təqdim olunub.
Ad dəyişikliyi ilə yanaşı, komandanın tarixində daha bir əlamətdar və tarixi an yaşanır. Belə ki, “Landau Lions” klublararası ən nüfuzlu turnirlərdən biri olan FIBA Çempionlar Liqasında qüvvəsini sınayacaq.
Tarixində ilk dəfə bu turnirə qatılacaq təmsilçimiz mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Bu mərhələdə ümumilikdə 24 komanda əsas mərhələyə vəsiqə qazanmaq uğrunda yarışacaq. Komandanın rəqibləri və oyunların dəqiq tarixləri barədə məlumatların yaxın vaxtlarda açıqlanacağı bildirilib.



