İtaliyada mövsümü ölkə dublu ilə başa vuran "İnter" növbəti mövsüm Çempionlar Liqasında iddialı olmaq üçün transfer çalışmalarına start verib.
Offsideplus.az xəbər verir ki, Milan təmsilçisi müdafiə xəttini gücləndirmək məqsədilə "Barselona"nın kapitanı Ronald Arauxonu əsas hədəf olaraq seçib.
"İnter" rəhbərliyi uruqvaylı müdafiəçinin transfer şərtlərini ciddi şəkildə araşdırır. Futbolçunun agentinin İtaliya klubu ilə yaxşı münasibətlərinin olması bu keçidin reallaşma ehtimalını artırır.
Maliyyə şərtlərini yüngülləşdirmək istəyən klublar bu transferi bir mübadilə ilə həll edə bilərlər. Solaxay mərkəz müdafiəçisi axtarışında olan "Barselona" uzun müddətdir "İnter"in ulduzu Alessandro Bastoni ilə maraqlanır. İtaliya klubunun Bastoni üçün 60 milyon avrodan yüksək qiymət qoyması səbəbindən danışıqlar dondurulmuşdu. İndi isə Arauxonun bu sövdələşməyə daxil edilməsi ilə transfer düyününün açıla biləcəyi iddia olunur.
Hazırda Kataloniya klubunda əvvəlki kimi daimi əsas heyət oyunçusu olmasa da, Arauxo "Barselona"da xoşbəxtdir və komandadan ayrılmağa tələsmir. Klub rəhbərliyi isə yayda cəlbedici bir təklif gələcəyi təqdirdə uruqvaylı müdafiəçinin satışına yaşıl işıq yandıra bilər.


