Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında uğur qazanan sərbəst güləş üzrə U-17 millimizin üzvləri təəssüratlarını bölüşüblər.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan qızıl medalçılarımız qələbə hisslərini və qarşıdakı hədəflərini açıqlayıblar:

Hüseyn Rzazadə (48 kq): "Gürcüstan, Türkiyə, Rusiya və Ukrayna təmsilçilərinə qalib gələrək çempion oldum. Ən çətin rəqibim rusiyalı idi. Bu yolda əməyi olan məşqçilərimə və ailəmə təşəkkür edirəm. Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. İnşallah, bu nəticəni Bakıda keçiriləcək dünya çempionatında da təkrarlayacağam".

İbrahim Həsənov (51 kq): "U-17 yaş qrupunda debütümü çempionluqla qeyd etdiyim üçün şadam. Şəxsi məşqçim Rauf Xəlilova, ailəmə və millinin məşqçilərinə minnətdaram. Dünya çempionatında əsas rəqibim amerikalı güləşçi olacaq".

Nihad Süleymanlı (80 kq): "Zədələrə və final görüşünün həyəcanına baxmayaraq, sonadək mübarizə apardım. Finalda Türkiyə idmançısını 10:0 hesabı ilə məğlub edərək bayrağımızı dalğalandırdım. İndi daha yaxşı hazırlaşıb, Bakıdakı dünya çempionatında da qızıl medal qazanmaq istəyirəm. Orada əsas rəqiblərimiz İran və ABŞ təmsilçiləri olacaq".

Qeyd edək ki, böyük məşqçi Əsgərxan Novruzovun rəhbərlik etdiyi U-17 millimiz Avropa çempionatını komanda hesabında ikinci sırada bitirib. Komandamızın aktivində 3 qızıl (Hüseyn Rzazadə, İbrahim Həsənov, Nihad Süleymanlı), 1 gümüş (Rəşid Nazarov) və 3 bürünc (Tunar Həsənov, Abbas Şəfiyev, Hakim Tağıyev) medal var.