"Çelsi" klubu İngiltərə Futbol Assosiasiyasının qaydalarını pozduğuna görə rəsmi şəkildə cərimələnib.
Offsideplus.az xəbər verir ki, 2023-cü ilin noyabrında məlum olmuşdu ki, "Çelsi"nin sabiq sahibi Roman Abramoviçin dövründə klub maliyyə feyr-pley qaydalarını pozub. Bildirilirdi ki, London təmsilçisi Eden Hazard, Nqolo Kante və Süleyman Kərimovun agentlərinə, eləcə də Villian və Samuel Eto'O-nun transferləri zamanı ödənişlərə görə cəzalandırıla bilər.
2025-ci ilin sentyabrında İngiltərə Futbol Assosiasiyası "Çelsi"yə 2009-2022-ci illər aralığında 74 qayda pozuntusu ilə bağlı rəsmi ittiham irəli sürüb. Klub E1.2 qaydasının 74 pozuntusunu etiraf edib və müstəqil tənzimləyici komissiya 6 xalın silinməsi barədə qərar versə də, bu sanksiya 2027-ci il 30 iyuna qədər şərti olaraq qüvvədə saxlanılıb. Eyni zamanda, kluba 10 milyon funt sterlinq məbləğində cərimə tətbiq olunub.
"Çelsi" xal silinməsi ilə bağlı apellyasiya şikayəti verib və müstəqil apellyasiya şurası bu sanksiyanı ləğv edib. Bunun əvəzinə, kluba 2027-ci il 30 iyuna qədər iki ardıcıl transfer pəncərəsində yeni oyunçu qeydiyyatına şərti qadağa qoyulub. 10 milyon funt sterlinq cərimə isə qüvvədə saxlanılıb və bu vəsait uşaq futbolunun inkişafına yönəldiləcək.


