“Yarış çox yüksək səviyyədə təşkil olunmuşdu”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycanın yeniyetmələrdən ibarət yunan-Roma yığmasının baş məşqçisi Rafiq Hüseynov deyib.

O, Bakıda keçirilən U-17 dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb:

“Karyeram ərzində ilk dəfədir ki, yeniyetmələr arasında bu səviyyədə yarışın keçirildiyini görürəm. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Bunu təkcə biz yox, həm də xaricdən gələn idmançılar və azarkeşlər qeyd edirlər".

Hüseynov milli komandanın mundialdakı çıxışını dəyərləndirib: "İdmançılarımdan tam razıyam. Düzdür, biz qızıl medal da qazana bilərdik, ancaq bu, idmandır. Belə hallar baş verə bilər. Yeniyetmələr arasında keçirilən yarışlarda bunun yaşanması normaldır. Bizim hazırkı hədəfimiz gələcəyin Olimpiya fondunu formalaşdırmaqdır. Qızıl medal qazanmadığımız üçün matəmə ehtiyac yoxdur.Həm medal qazanan, həm də qazana bilməyən idmançıları dəstəkləmək lazımdır ki, gələcəkdə uğurlu nəticələrlə bizi sevindirə bilsinlər. Bu yaşda onların motivasiyaya böyük ehtiyacı var”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Bakıda keçirilən U-17 dünya çempionatını ikinci sırada başa vurublar. Güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.