Münxen "Bavariya"sı müdafiə xəttini gücləndirmək məqsədilə "Mançester Siti"nin xorvatiyalı müdafiəçisi Yoşko Qvardiolu hədəf alıb.  

Offsideplus.az xəbər verir ki, ​Almaniya futbolunun əfsanəsi Lotar Matteusun "Sky" telekanalına verdiyi məlumata görə, Münxen klubu "Leypsiq"in sabiq ulduzu üçün artıq ilkin rəsmi müraciətlərini edib. Matteus açıqlamasında bildirib:

​"Ağlımda bir oyunçu var və eşitdiyimə görə, 'Bavariya' artıq onunla bağlı araşdırmalara başlayıb. Söhbət vaxtilə Bundesliqada 'Leypsiq' forması geyinmiş, hazırda isə 'Mançester Siti'də çıxış edən sol və mərkəz müdafiəçisi Qvardioldan gedir."

​Hazırda transfer bazarındakı dəyəri təxminən 90 milyon avro civarında qiymətləndirilən 24 yaşlı müdafiəçinin keçidi üçün "Bavariya" rəhbərliyi ilk növbədə heyətdə yer boşaltmalıdır.

​Maliyyə balansını qorumaq və maaş büdcəsində yer açmaq üçün Münxen təmsilçisi ilk olaraq mərkəz müdafiəçilərindən biri – Kim Min-Ce və ya Hiroki İtodan birini satmaq məcburiyyətindədir. Yalnız bundan sonra Qvardiolun transferi üçün rəsmi danışıqların növbəti mərhələsinə start veriləcək.