"Məqsədimiz 3x3 basketbolu regionlara gətirməkdir". 

Offsideplus.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Basketbol Federasiyasının İcraçı vitse-prezidenti Fərrux Mahmudov deyib. 

O, seriyanın novbəti mərhələsinin Bakıda baş tutacağını qeyd etdi:

"Ötən il, Astarada, Qubada, Şuşada, bu il isə Qəbələ və Quba baş tutan turnirin növbəti seriyası avqustda Bakıda keçiriləcək. Məqsədimiz basketbolu regionlara gətirməkdir. İstəyirik ki, bölgələrdəki əhali beynəlxalq tədbir həyacanını yaşasın". 

Federasiya rəsmisi millinin bu yarışda iştirak etməmə səbəbini açıqladı:

"Milli hazırda Serbiyada təlim-məşq toplanışındadır. Olimpiya Oyunlarına hazırlaşırlar. İlk gündən millinin bu yarışda iştirakı nəzərdə tutulmurdu". 

Mahmudov "Baku Flames"dən gözləntiləri də açıqladı:

"Yeni yaranıb, məqsədimiz onların təcrübə toplamasıdır".

O, yığmadan olimpiadadakı gözləntilərini bölüşdü:

"Hazırlıqlar çoxdan başlayıb. Serbiyada məşq keçirlər. İstəyirik ki, ölkəmizi layiqincə təmsil etsinlər. Hər gün oyunçularına danışıram. Onlar da yarışın ciddiliyini dərk edirlər".