Misli Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən "Qarabag" – "Sabah" qarşılaşması Azərbaycan çempionatının son 10 mövsümünün tamaşaçı rekordunu yeniləyib.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü (0:1) tribunadan 17 338 azarkeş izləyib. Bu, cari mövsümdə eyni komandaların XXII turdakı oyununa (3:3) məxsus olan 10 361 tamaşaçı rekordunu geridə qoyub.

Qeyd olunan rəqəm həm də son onilliyin ən yüksək göstəricisi kimi tarixə düşüb.

Bundan daha yüksək tamaşaçı sayı sonuncu dəfə 2015/2016 mövsümündə qeydə alınmışdı. Həmin vaxt, 14 fevral 2016-cı il tarixində Gəncə şəhər stadionunda baş tutan "Kəpəz" – "Qarabag" matçını 20 400 azarkeş canlı izləmişdi.