Albaniyanın paytaxtı Tiranada davam edən Avropa çempionatında bu gün Azərbaycanın iki qadın güləşçisi xalça üzərinə çıxacaq.
Offsideplus.az xəbər verir ki, qadınların mübarizəsində Elnurə Məmmədova (50 kq) təsnifat mərhələsində polşalı Aqata Valerzakla qüvvəsini sınayacaq. Millimizin digər üzvü Günay Qurbanova (59 kq) isə yarışa 1/4 finaldan start verəcək və onun rəqibi almaniyalı Elena Bruqqer olacaq.
Günün əsas diqqət mərkəzində isə yunan-Roma güləşçilərimizin medal qarşılaşmaları olacaq. Belə ki, iki idmançımız qızıl, bir güləşçimiz isə bürünc medal üçün mübarizə aparacaq:
Həsrət Cəfərov (67 kq) finalda Türkiyə təmsilçisi Murat Fıratla qarşılaşacaq.
Qurban Qurbanov (82 kq) həlledici döyüşdə Adlet Tyulyubaevlə (UWW) üz-üzə gələcək.
Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda görüşdə Suner Konunovla (UWW) gücünü yoxlayacaq.
Qeyd edək ki, qitə birinciliyi aprelin 26-da yekunlaşacaq. Artıq yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medalları aktivlərinə yazdırıblar.


