"Paris Sen-Jermen" klubu argentinalı hücumçu Xulian Alvaresi heyətinə qatmaq üçün rəsmi addım atıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Luis Enrikenin uzunmüddətli hücum layihəsinin əsas parçası olaraq görülən 26 yaşlı futbolçu üçün "Atletiko Madrid"ə cəlbedici təklif göndərilib.

PSJ-nin təklifinin təxminən 100 milyon avro dəyərində olduğu bildirilir. "Atletiko"nu masaya oturtmaq üçün sövdələşməyə cənubi koreyalı yarımmüdafiəçi Li Kanq-in də daxil edilib.

Alvares bu mövsüm keçirdiyi 47 oyunda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müxtəlif hücum mövqelərində oynaya bilməsi Luis Enrike üçün bu transferi daha əhəmiyyətli edir.  

​Argentinalı ulduz "Arsenal" və "Barselona" kimi nəhənglərin də maraq dairəsindədir. Lakin "Atletiko" hələlik futbolçunu satmağa tələsmir; Alvaresin klubu ilə 2030-cu ilin yayına qədər müqaviləsi var və Madrid təmsilçisi yalnız daha yüksək məbləğlər qarşılığında ayrılığa icazə verə bilər.