Almaniya futbolunun əfsanəvi siması Toni Kroos Çempionlar Liqasının yarımfinal mərhələsində baş tutacaq "Bayern Münhen" – "Paris Sen-Jermen" qarşılaşması barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi hər iki komandanın hazırkı formasını yüksək qiymətləndirərək maraqlı məqamlara toxunub:

"Hesab edirəm ki, "Bayern" müdafiədə "Real Madrid"lə oyunlardakından daha etibarlı çıxış etməlidir. Çünki "Paris" hücumda "Madrid"dən daha səmərəli və amansız ola bilər."

​Münhenlilər hər iki oyunda çox böyük risklərlə müdafiə olundular. "Real Madrid" cavab qarşılaşmasında onları buna görə daha ağır cəzalandıra bilərdi. Əgər bəzi nüansları düzəltsələr, "Bayern"in şansları kifayət qədər yüksəkdir.

​Mənim üçün bu cütün şansları 50/50-yədir. "Paris" son çempiondur. Lakin hazırkı formalarına nəzər salsaq, "Bayern" və PSJ hazırda dünyanın ən yaxşı iki komandasıdır."

​Qeyd edək ki, "Bayern Münhen" dörddəbir finalda "Real Madrid" səddini keçərək yarımfinala vəsiqə qazanıb.