AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən "Zirə" – "Neftçi" matçında baş verən hadisələrə görə hər iki klubu cərimələyib.
Offsideplus.az xəbər verir ki, ən ağır cəza ümumilikdə 26 200 manat məbləğində cərimələnən "Neftçi" klubuna verilib. Paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidub və köməkçisi Dmitro Kara Mustafa hakimin qərarlarına etiraz etdikləri üçün hərəsi 1 oyunluq cəzalandırılıb və klub hər məşqçiyə görə 5000 manat ödəməli olacaq. Həmçinin futbolçu Breno Almeyda qırmızı vərəqəyə görə 1 oyunluq kənarlaşdırılıb (3000 manat). "Ağ-qaralar"ın azarkeşləri tərəfindən hakimlərin kütləvi təhqir olunması və meydana kənar əşyaların atılması isə kluba ümumilikdə 12 500 manat əlavə maliyyə yükü yaradıb.
"Zirə" klubu isə baş verən intizamsızlıqlara görə cəmi 5 700 manat cərimə edilib. Meydan sahiblərinin məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğu üçün qırmızı vərəqə alaraq 1 oyunluq diskvalifikasiya olunub. Maraqlı məqamlardan biri isə oyun bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulmasıdır. Bu hala görə "Zirə" 3000 manat cərimə olunub və dəymiş zərəri qarşılamaq öhdəliyi götürüb.
Hər iki komandanın 5-dən çox futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubların hərəsinə əlavə 700 manatlıq cərimə də tətbiq olunub.


