Misli Premyer Liqasının XXVIII turu çərçivəsində baş tutan "Araz-Naxçıvan" – "Turan Tovuz" qarşılaşması (0:3) qonaqlar üçün ikiqat yubileylə əlamətdar olub.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Tovuz təmsilçisi bu qələbə ilə Premyer Liqa tarixində səfərdə 25-ci qalibiyyətini rəsmiləşdirib. Bu göstəriciyə 69-cu səfər matçında imza atan Qərb klubu, turnir tarixində 25 və daha çox səfər qələbəsi olan 20-ci komanda kimi qeyd olunub.

"Turan Tovuz" elitadakı ilk səfər uğurunu 2022-ci ilin avqustunda "Səbail" üzərində qazanıb - 1:0.

Bundan başqa, Naxçıvan təmsilçisi üzərindəki qələbə tovuzluların Premyer Liqadakı 10-cu böyükhesablı uğuru olub. İndiyədək doğma meydanda 4, səfərdə isə 6 dəfə rəqiblərini üç və daha çox top fərqi ilə məğlub edən komanda, ilk belə nəticəni 2023-cü ilin mayında "Neftçi"ni darmadağın edərək (4:0) qazanmışdı.