Misli Premyer Liqasının VI turu çərçivəsində keçiriləcək "Kəpəz" – "Sumqayıt" qarşılaşmasının biletləri satışa çıxarılıb.

Offsideplus.az xəbər verir ki, sentyabrın 20-də Gəncə Şəhər Stadionunda baş tutacaq matçın bilet qiymətləri dəyişməz qalıb. Futbolsevərlər 2-20 manat aralığında olan biletləri həm "iticket.az" saytından onlayn, həm də stadionun kassalarından əldə edə bilərlər.

Milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədən əvvəl "Kəpəz"in son ev oyunu olacaq bu qarşılaşmada da tribunaların yenə dolacağı gözlənilir.

Qeyd edək ki, "sarı-göylər"in ev oyunları cari mövsümdə azarkeş sayına görə rekord vurur: "Turan Tovuz"la matçı 13 500, "Şamaxı" ilə görüşü 15 000, "Qəbələ" qarşılaşmasını isə 11 000 tamaşaçı izləyib.

Gəncə təmsilçisi bu matçdan sonra doğma azarkeşləri önünə növbəti dəfə oktyabrın ortalarında çıxacaq.