"Araz-Naxçıvan" Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolunu vurub.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley qolu Misli Premyer Liqasının V turuna təsadüf edib.

"Turan Tovuz"un futbolçusu Emmanuel Hakmanın avtoqolu Naxçıvan təmsilçisinin 150-ci qolu kimi tarixə düşüb.

2:2 hesabı ilə yekunlaşan matçda daha bir dəfə fərqlənən komanda yüksək dəstədəki 152-ci oyununda qol sayını 151-ə çatdırıb (80 evdə, 71 səfərdə).

Bununla da "Araz-Naxçıvan" turnir tarixində 150 və daha çox qol vuran 26-cı komanda olub. Naxçıvan klubunun yüksək dəstədəki ilk qoluna isə 2000-ci il avqustun 20-də İlham Allahyarov imza atıb.