“Bəzi parametrlərdə rəqibdən geri qaldıq və nəticədə məğlub olduq”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında “DH Volley” komandasının baş məşqçisi Fərid Cəlalov deyib.

Mütəxəssis Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanmaları barədə fikirlərini bölüşüb:

“Oyun bizim üstünlüyümüzlə başlasa da, sonda təcrübə öz sözünü dedi. Xüsusilə ilk altılıqda yer alan oyunçularımızda müəyyən təcrübəsizlik hiss olundu. Ümumilikdə isə mövsümün bizim üçün uğurlu keçdiyini düşünürəm. Klubumuz gələn il Avropa liqasında çıxış etmək istəyir və bu böyük yarışmaya böyük hədəflərlə qatılacağıq”.

Cəlalov Azərbaycan voleybolunun gündən-günə inkişaf etdiyini də vurğulayıb:

“Əvvəlki illərlə müqayisədə bu mövsüm voleybolumuzda irəliləyiş açıq-aydın görünür. Güc nisbətinə görə komandalar demək olar ki, bərabər səviyyədə idi. Mövsümün sonuna qədər hansı komandanın çempion olacağını dəqiq demək mümkün deyildi. Bu isə hamımızı sevindirir”.

Qeyd edək ki, “DH Volley” Azərbaycan Yüksək Liqasının finalında “Turan”a 1:3 hesabı ilə məğlub olaraq mövsümü 2-ci kimi başa vurub.