Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rusiya yığması ilə keçirilən yoldaşlıq oyununu (0:1) dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:
“Çox yaxşı oyun alındı. Rusiya yığması həm fərdi, həm də komanda keyfiyyətinə görə güclüdür. Rəqibi təhlil edib, matça ciddi hazırlaşmışdıq. Düzdür, bir neçə zədəli futbolçumuz var. Sərgilənən oyuna əsasən məğlubiyyət bizi məyus etdi. Rusiya yığması hansısa düşünülmüş hücumla yox, bizim səhvimizdən qol vurdu. Komandamıza təşəkkür düşür. Uduzsaq da, qızlar çox yaxşı çıxış etdilər. Bəzi anlarda üstünlük bizim tərəfimizdə olurdu. Yaxşı mübarizə apardıq, aqressivlik var idi, meydanın hər qarışı uğrunda mübarizə gedirdi. Təəssüf ki, hücumda çoxala bilmirdik. İkinci matça daha yaxşı hazırlaşacağıq. Məqsədimiz Bakıya qələbə ilə dönməkdir”.
Xatırladaq ki, Azərbaycan və Rusiya milliləri arasında ikinci yoldaşlıq görüşü dekabrın 2-də “Soçi” klubunun məşq bazasında keçiriləcək