"Bu mövsüm bizim üçün həm yaxşı, həm də pis məqamlarla yadda qaldı. Biz heyəti əvvəlcədən qurduq və digər klublar kimi mövsümün gedişində ciddi dəyişikliklər etmədik. Hətta elə oldu ki, yeni müqavilə bağladığımız oyunçu 10 gün sonra komandanı tərk etdi və biz pis vəziyyətdə qaldıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Ordu" basketbol klubunun baş məşqçisi Alberto Blanko deyib.

Klubun mətbuat xidmətinə danışan ispan çalışdırıcı Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində “Quba”nı üstələyəcəklərinə inandığını bildirib.

“Qarşıda “Quba” ilə oyunumuz var. Bu rəqiblə matç bərabər səviyyəli qarşılaşma olacaq. Mövsümün gedişində 3 dəfə “Quba”nı məğlub etmişik, onlar isə 1 oyunda qələbəyə seviniblər. Oyunlar çox çətin olacaq. Əsas məqsədimiz pley-off mərhələsinə vəsiqə qazanmaqdır”, - deyə A.Blanko vurğulayıb.

Qeyd edək ki, "Ordu" və "Quba" arasında ilk görüş aprelin 11-də olacaq.