"Mançester Yunayted", "Liverpul" və "Tottenhem" Premyer Liqanın maliyyə qaydalarını pozduğu üçün "Mançester Siti"yə qarşı iddia hazırlamaq məqsədilə eyni hüquq firmasına müraciət edib.
Offsideplus.az xəbər verir ki, klublar Londonda yerləşən və media, əyləncə sahəsində ixtisaslaşan Wiggin hüquq firmasının xidmətlərindən istifadə edir. "Arsenal" isə öz daimi hüquqşünasları olan HFS Kramer firması ilə işləyir. Məlumata görə, Wiggin ilə əməkdaşlıq edən klublar bir-biri ilə əlaqə saxlayır və mümkün zərərlərin hesablanması üçün eyni analitikləri cəlb ediblər. Hər bir klubun ayrıca iddia qaldıracağı bildirilir.
Digər məlumata əsasən, "Tottenhem" hələ klubun sədri Daniel Levi olduğu dövrdə Wiggin ilə əməkdaşlığa başlayıb və ilk hüquqi addımı atıb. 2023-cü ilin fevralında "Mançester Siti" maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunduqdan sonra "Mançester Yunayted" və "Liverpul" da bu prosesə qoşulub. 2024-cü ilin noyabrında bu üç klub və "Arsenal" "Mançester Siti"yə qarşı kompensasiya tələb etmək hüququnu rəsmiləşdirən bildiriş göndərib. Bu addım iddiaların vaxtı keçməsin deyə atılıb. Müqavilə pozuntuları ilə bağlı iddialar üçün altı illik müddət müəyyən edilib və bu müddət pozuntu barədə məlumat yayıldığı andan hesablanır. "Mançester Siti"nin maliyyə pozuntuları barədə ilk məlumat 2018-ci ilin noyabrında Almaniyanın Der Spiegel jurnalında dərc olunub və dörd klub iddia hüququnu qorumaq üçün tədbir görüb.
"Çelsi" isə həmin vaxt və sonradan hüquqşünaslara müraciət etməyib. Qeyd olunur ki, dörd klubun məhkəmə prosesi üçün hazırlıqları Premyer Liqanın sentyabrda "Mançester Siti"ni 100-dən çox ittihamın əksəriyyətində günahkar saymasından sonra sürətlənib. Müstəqil komissiya klubun 2009-2018-ci illər arasında "saxta müqavilələr" vasitəsilə gəlirlərini 900 milyon funtdan çox şişirtdiyini müəyyən edib.


