Azərbaycan milli komandası 11 gün ərzində üçü rəsmi olmaqla dörd oyuna çıxdı. İki qələbə, iki heç-heçə. Həftə yarımlıq bu sıx sınaqdan komandamız üzüağ çıxa bildimi? Oyunlara qısaca nəzər salaq.
İlk matç Tacikistana qarşı keçirilən yoxlama görüşü idi. UEFA Millətlər Liqasında mübarizəyə rəqiblərdən daha gec başladığımız üçün oyun ritmindən geri qalmamaq baxımından bu sınaq vacib idi. Tacikistan həm oyun üslubu, həm də komandanın səviyyəsi baxımından bu sınaq üçün ideal rəqib idi. Bu matçda komandamızın oyunu tam ürəkaçan olmasa da, meydanda optimal heyət yox idi. Ən vacibi isə Tacikistanın bir ildən artıq davam edən məğlubiyyətsizlik seriyası başa çatdı.
Bu görüşdən sonra seçməmiz çətin Litva səfərinə yollandı. Bu qarşılaşmada şanslar bərabər qiymətləndirilirdi. Səmimi olsaq, səfər amilini nəzərə alsaq, rəqib oyundan əvvəl az da olsa favorit hesab olunurdu. Lakin həmin matçda yaxşı mənada təəccübləndik. Komanda qalib gələ bilməsə də, qol buraxdıqdan dərhal sonra cavab verib xarakter göstərdi. Oyunda ümumi üstünlük də məhz millimizin tərəfində idi.
Turnirin dönüş nöqtəsi isə Bakıya qayıdandan sonra oldu. Lixtenşteynlə qarşılaşmaya hamı "yüz faizlik 3 xal" gözü ilə baxırdı. Lakin futbolun görünməyən tərəfi də budur ki, hər dəfə gözlənilənlər olmur. Bu dəfə də belə oldu. Millimiz cəmi 40 min əhalisi olan ölkənin komandasına qol vura bilmədi və gözlənilmədən iki xal itirildi.
Bu səhvi bağışlamaq olarmı? Düzünü desək, olar. Çünki komandamız qrupda liderliyə yüksəldi, ardından Litvanı Bakıda məğlub etməyi bacardı. Artıq mənzərə daha ürəkaçandır. Gələn ay Lixtenşteyn səfərində də qalib gəlsək, əvvəldən gözlənilən bütün parçalar yerinə oturacaq. Könül 10 xal istərdi, lakin 8 xal da mövcud şəraitdə qənaətbəxşdir.


