İtaliya milli komandasının sabiq yarımmüdafiəçisi Cennaro Qattuzo 2006-cı ildə qazanılan dünya çempionatındakı zəfər barədə xatirələrini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, "Festival dello Sport" tədbiri zamanı həmin turnirdə iştirakının gözlənilməz olduğunu bildirib:
"Əslində, mən o heyətə düşməməli idim. Çünki turnirdən 10 gün əvvəl İsveçrə ilə yoldaşlıq oyununda əzələmi yırtmışdım və bir ay yarım meydandan kənarda qalmalı idim. Bərpa olunmaq üçün gündə 13-14 saat məşq edirdim. İtaliyadan ayrılarkən "Kaltçopoli" qalmaqalına görə azarkeşlər bizə pomidor atırdılar, lakin biz adım-adım uğura doğru irəlilədik".
"Milan"ın keçmiş futbolçusu çempionluqda baş məşqçi Marçello Lippinin rolunu xüsusi vurğulayıb:
"Həmin uğurun memarı Marçello Lippi oldu. O, yumruq kimi birləşmiş kollektiv yaratmaq üçün hər şey etdi. Biz inanılmaz komanda idik. Lippi bizə həyat yoldaşlarımızı və uşaqlarımızı gecə yarısına qədər otelə gətirməyə icazə verirdi. Beşulduzlu oteldə yox, adi, ailəvi oteldə qalırdıq. Oteli kalabriyalılar idarə edirdi – təsəvvür edə bilməzsiniz, bu mənə nə qədər biletə başa gəldi. Uğurun əsas sirri də məhz o ailəvi mühitdə qalmağımızda idi".


