Bakıda keçirilən 10-cu yubiley Azərbaycan Qran-Prisi bir sıra rekord göstəricilərlə yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, dörd gün ərzində yarışları ümumilikdə 92 minə yaxın azarkeş izləyib.

Bu il Bakı Şəhər Halqasının tribunalarından 17 mindən çox xarici azarkeş yer alıb ki, bu da şəhərin ev sahibliyi etdiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Satışa çıxarılan bütün biletlər tükənib, azarkeşlər isə 120-dən çox ölkəni təmsil ediblər.

Xüsusilə Çindən gələn fanatların sayında nəzərəçarpacaq artım qeydə alınıb. "City" tribunasının əlavə olunması ilə ümumi tutum 21 mini ötüb, Fan Zone zonasını isə gündəlik 25 mindən çox insan ziyaret edib.

Tədbiri 300-ə yaxın media nümayəndəsi işıqlandırıb və yarış 56 televiziya kanalı vasitəsilə canlı yayımlanıb.

Mərhələnin qalibi Corc Rassell olub. O, Bakı trasında fəxri kürsünün ən yüksək pilləsinə qalxan 8-ci fərqli pilot kimi çempionatın tarixinə düşüb.