İki gün sonra Azərbaycan futbolu növbəti tarixə şahidlik edəcək. "Sabah" Çempionlar Liqasında "Mançester Yunayted"in qonağı olacaq. Bəli, "bayquşlar" "Old Trafford"da meydana çıxacaqlar. Bəs "Sabah" qələbə qazanmaq üçün nə etməlidir? Rəqibin zəif cəhətləri nələrdir?
Favoritin kim olmasından danışmaq yersiz olardı. Amma bu, "Sabah"ın şanslarının sıfır olması demək deyil. Düzdür, "Old Trafford" ab-havası bu liqada debüt edəcək komanda üçün kifayət qədər təzyiq yarada bilər — necə ki, eyni vəziyyəti ötən mövsüm "Qarabağ" "Enfild"də yaşamışdı. Amma bu məqam yaşanmaya da bilər.
"Sabah" pressinq futboluna üstünlük verir. Uzun illərdir ki, "qırmızı şeytanlar" bu tip futbol oynayan komandalara qarşı çətinlik çəkir. Ümumiyyətlə, Maykl Kerrikin komandasında müdafiə ciddi problemdir. İki əsas mərkəz müdafiəçisindən biri bəstəboydur. Söhbət Lisandro Martinesdən gedir. Yüksək keyfiyyətlərə malik olsa da, "ikinci mərtəbədə" daha çox uduzan tərəf olur. Harri Maquayr isə… Özünü ən tez itirən müdafiəçilərdəndir. Təmsilçimiz irəli xətdə təzyiq yarada bilsə, müsbət nələrsə düşünmək olar.
Kerrik keçmiş yarımmüdafiəçidir. Komandasının da ən üstün cəhəti elə bu mövqedir. Kobi Meynu və Yuri Tilemans ciddi təhlükə mənbəyidir.
Hücuma adətən vingerlər vasitəsilə atılırlar. Böyük ehtimalla, Markus Reşford oynamayacaq. Amma yenə də Mbeumo, Dorqu və digərləri olduqca təhlükəlidir.
Hər bir halda, bizə "Sabah"a inanmaqdan başqa heç nə qalmır. Ümid edək ki, "bayquşlar" "qırmızı şeytanlar"ı məyus edib azı bir xal ala biləcək.


