“Əminəm ki, əzələ yırtılıb”.


Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə deyib.

Hazırda Super Liqanın "Yüksekova" klubunda forma geyinən futbolçu zədəsindən danışıb:

“Hiss edirəm ki, pis zədələnmişəm.  İsinmə zamanı qapıya zərbədə topu 9-luğa göndərdim və həmin anda əzələm getdi. Oyuna iynə ilə çıxdım, amma heç bir təsiri olmadı. Ağrı dəhşət idi, davam edə bilmədim”.

Cəfərzadə bir neçə gün sonra dəqiq nəticəni biləcəyini deyib:

“Şiş çəkilsin, MRT-yə gedəcəyəm. Neçə santimetr yırtıq olduğunu MRT göstərəcək. Ən pis tərəfi odur ki, zədə qasıq nahiyəsindən başlayır və zədə 4 başlı əzələyə qədərdir. Çox pis yerə düşdü. Özüm hiss etdim ki, əzələnin içindən sanki əzələ qaçdı. Elə həmin an hiss etdim ki, yırtıldı və ya cırıldı”.

Qeyd edək ki, Sevinc Cəfərzadə dünən "Beşiktaş" - "Yüksekova" oyununda zədələnib.